Çox vaxt ya tələsməkdən ya da tənbəllikdən səhər yeməyini elə də yaxşı etmirik, halbuki gün içində ən vacib yemək odur. Səhər yeməyini sağlam et. Sağlam yemək isə həmişə sıxıcı deyil və səni ac qoymayacaq. Qərara gəldim ki, hər həftə yoxladığım, dadlı, maraqlı reseptləri paylaşım.
YUMURTA. Zülal mənbəyidir. Zülallar sadəcə səni tox tutmur, eləcə də əzələlərini gücləndirir və enerjini artırır.
İspanaqlı yumurta
2 ədəd yumurta
Yarım qaşıq zeytun yağı
Yarım stəkan ispanaq (körpə)
Kiçik pomidorlar və ya 1 ədəd qurudulmuş pomidor
1 ədəd doğranmış kiçik bibər
1 qaşıq rəndələnmiş parmesan pendiri (holland pendiri də olar)
Sevdiyin göyərti
Duz
İstiot
Yumurtaları bir kasaya qır, qarışdır və duz əlavə et.
Tavaya zeytun yağı tök, 1 dəqiqə orta odda isinsin. İspanağı qovur, sonra pomidor və bibəri əlavə et. Onlar da biraz qovrulduqdan sonra yumurtanı üzərinə tök. Hazır olduqda ocaqdan götür, sevimli boşqabına qoy üzərinə pendir, istiot və istədiyin göyərtini əlavə et.
Avokadoda yumurta
2 ədəd yumurta
1 ədəd avokado
Duz
İstiot
Sevdiyin göyərti
Avokadonu ikiyə böl, dənəsini çıxart. Qaşıq vasitəsi ilə içini yumurtanın yerləşəcəyi qədər təmizlə. Yumurtanı qır və sarısını dağıtmadan avokadonun içinə tök, duz və istiot əlavə et. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada bişir. Hazır olduqda üstünə istədiyin göyərtini səp və iştahla ye.
Qeyd – Avokadolun içindən qaşıqla çixartdığın hissəni salatlarda istifadə edə bilərsən.
Yumurta buludu
8 ədəd yumurta
1 qaşıq rəndələnmiş parmesan pendiri (holland pendiri də olar)
Duz
İstiot
Sobanı əvvəlcədən 180 dərəcədə isit.
Yumurtaları qır, ağını və sarısını ayır, amma, ehtiyatlı ol, sarısı dağılmasın. Yumurta ağlarını mikser ilə köpürənə qədər çal. Pendir və duz əlavə et, ehtiyatla qaşıq vasitəsi ilə biraz qarışdır. Əvvəlcədən hazırlanmış listə qaşıq vasitəsi ilə 8 ədəd bulud kimi qoy, qaşığın arxası ilə ortasında yumurtanın sarısına yer aç. Ehtiyatla sarıları yerləşdir.
Sarılar bişənə, ağlar qızarana qədər 15 dəqiqə pişir. İstiot əlavə et və iştahla ye.
Sabah səhər dur və yeni reseptlərlə yumurtanı bişir 🙂