Sizinlə sağlam həyat yaşayan və bunu yayan azərbaycanlıları tanış etmək qərarına gəldik 🙂
İlk tanışlığımız Səadət xanımla olacaq. “Mən idman etməkdən qorxuram, kişi kimi olaram” deyən xanımlar, siz idman etsəniz bax belə sağlam, güclü, daha da gözəl və cazibədar olacaqsınız. 🙂
Mən şəxsən tanımaq fürsəti əldə etməsəmdə, Səadət xanımla olan kiçik söhbətlərimizdən zövq aldım. Əminəm ki sizdə eyni zövqü alacaqsınız 🙂
Həyat tərzinizi nə zaman və niyə dəyişdirdiniz ?
- Fitnesslə tanışlığım son 1 il 2 aya təsadüf edir. Kilolu xanım olduğum üçün çəki atmışdım, nəticədə informasiya qıtlığı üzündən qeyri peşəkar çəki atma əzələ itkisinə səbəb olmuşdu. Araşdırmalarım yaranan qüsurların həllinin fitnesslə mümkünlüyü göstərdi deyə müraciət etdim.
Bu yol çətindir. Nə sizi yolunuza davam etməyə ruhlandırdı?
- Prinsipal və maksimalist olmağım həvəskar olaraq başladığım işin peşəkarı olmağına səbəb oldu. Keçdiyim qeyri sağlam pəhriz və məşq praktikasıyla digər xanımların qarşılaşmamasını istəməyim də təsir edən amillərdən oldu.
(Bu xanım 80 kg-dan 60 kg-a qədər sağlam şəkildə arıqlayıb)
Ən böyük çətinliyiniz nədir?
- İşimdə ən böyük deyil, amma, çətinliyim təbii yollarla məşq etməyimdir. Çünki nəticə illər tələb edir. Yaş irəlilədikcə hotmonal dəyişikliklər, zəifləyən metabolizma prosesi lengidir. Qısaca, vaxt əleyhimizə işləyir.
İlk nailiyyətiniz nə olub?
- İlk nailiyyətim kimi məşqçi olaraq fəaliyyətimə başladığım andan etibarən tələbəmdən gözlədiyim nəticəni almağım oldu.
Yalnız 1 idman hərəkəti seçməli olsaydınız hansını seçərdiniz?
- Baza hərəkəti sayılan squat hərəkətini seçərdim. Squat dedikdə sağrı əzələləri düşünülür. Amma mənim seçmə səbəbim, pafosla çatdırım fikrimi, əlifbanı öyrənməmiş söz yazmırıq. 🙂
Sizcə qidalanmada ən əsas nədir? Qida bölgüsü necə olmalıdır?
- Qidalanmada ən əsas normal çəki və sağlam orqanizmə sahib olmaq üçün tələb edilən miqdarda yağ, karbohidrat və zülal qəbuludur. Günün birinci hissəsi mürəkkəb karbohidrat ağırlıqlı qidalana bilərik. Axşam saatlarında kkal dəyəri aşağı olan, gec həzm olmayan qidalara üstünlük verilməkidir.
“Cheat day”-də nə edirsiniz?
- Adətən, “cheat day” edəndə riayət elədiyim qida rasiyonunda miqdar əlavəsi edirəm. Cheat etməyə aşırı meyilli biri deyiləm. Əgər edirəmsə də, sıx aralıqlarla etmirəm.
Adi bir gününüz necə keçir? Gündəlik vərdişləriniz nələrdir?
- Fitnessə başladığım vaxtdan həftənin 6 günü zalda keçir. Əlavə olaraq kickboxinglə məşğul oluram. Gündəlik vərdişlərim hər səhər 8-də oyanmaq, günlük yemək konteynrlərimi qablaşdırmaq, mütəmadi su qəbul etmək, məşqlərim və axşam gec olmamaq şərti ilə yatmaq. Çünki 8 saat yuxu əzələ sisteminin bərpası üçün mütləqdir.
Məşq planınız necədir? Necə və harda edirsiniz?
- Sadəcə ağırlıq və cardio məşqləri deyil, düzgün qidalanma tərzi istənilən nəticə üçün mütləqdir. Bunun üçün fərdə özəl məşq proqramı və qida rasiyonu tərtib edilir. Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Arenasında fəaliyyət göstərirəm. Zala ödəniş. həftədə 3 dəfə 60 azn, limitsiz 80 azn. Trenerin proqramı ilə məşq üçün əlavə olaraq 100 azn ödəniş edilir.
Səadət xanımla İnstagram (@seadet__mutellimova) üzərindən əlaqə qura bilərsiniz.
Bu xanımlar məşq edərək çox gözəl nəticələr alıblar 🙂
Səadət xanım əlavə olaraq qeyd etdi ki, fitness sadəcə düzgün bədən ölçüləri, fit görüntü demək deyil, eynilə skolyoz, disk sürüşməsi və yırtığı, osteoxondroz kimi problemlərin müalicəsi də həll yolu olduğu üçün sağlamlığımız üçün də vacibdir. Fitness həyat tərzi deməkdir.