Gəl açıq danışaq, günün çox vaxtını stol arxasında keçirirsən. İşin, dərsin stol və başqa məşğuliyyətlərin stol arxasında oturaraq keçir. Oturmaqdan da o qədər yorulursan ki, axşam da divanda xəbərlərə, kinoya və ya sosyal şəbəkədə nələr baş verdiyinə baxırsan. Bəs hərəkət ? Əminəm ki, günboyu bir çox hərəkət etmisən və yorulmusan. Amma o hərəkətlərin bütün bədən əzələlərini işlədib qan dövranını gücləndirdiyindən sən əminsən ? Hər həftə sonu özünə sağlam həyat yaşamaq sözü verib ilk gündən də pozursansa bu məsləhətlər sənin üçündür.
- Bazar günü özünə vaxt ayır və 1 həftəlik idman və qida planını yaz. Beləcə əvvəlcədən nə edəcəyini biləcəksən, və idman günü gələndə bu gün nə etsəm, nə yesəm düşüncələri ilə vaxt itirməyəcəksən.
- Vacib görüşləri, dərsləri, ad günlərini necə planlayırsansa idmanı da elə planla. Geyimin, suyun, idmandan bir necə saat əvvəlki və dərhal sonrakı yeməyin əvvəlcədən hazır olsun. Sənə həmin an gəzmək təklifi gəlsə cavab olaraq idmanın olduğunu və gələ bilməyəcəyini de.
- İdmanı zalda edəcəksənsə əvvəlcədən yazıl və ödənişini et. O boyda pul ödəmisən, necə getməyə bilərsən. Hətta məşqciylə dəqiq saat danış. Beləcə özünü həmin insana və idmana qarşı məsuliyyətli hiss edəcəksən.
- Çalış idmanı səhərlər edəsən. Gün boyu dərsin, işin varsa 1 saat daha tez dur və idmanını et. İlk günlər çətin gəlsə də, bir müddət sonra gününün daha gümrah, enerjili və pozitiv kecdiyini görəcəksən. İdman paltarların oyanan kimi əl altında olsun. Evdə belə olsa çalış idman paltarlarında idmanı et.
- Çatdırmayacam 1 saat idman etməyi 15 dəqiqə də etməyə dəyməz deyə düşünürsənsə əmin ol ki, dəyər. Yüksək intensivliyi olan hərəkətlərlə sən qısa zamanda da olsa əzələ qruplarını kifayət qədər işlədə bilərsən. İntensiv hərəkətlər etməyə həmin gün halın yoxdursa yenə də idmanı etməyi təxirə salma. Adi rahatladıcı dartınma hərəkətləri belə sənin üçün faydalıdır.
- İşdə günorta yeməyində çox vaxt restorana gedirsən 1 saatın elə yarısı yemək gözləməyə gedir. Ondansa yeməyini özünlə gətir. O 1 saatın 45 dəqiqəsini yaxınlıqda yerləşən idman zalında əzələlərini işlədərək, dartınaraq, yoga ilə məşğul olaraq keçir. Qalan 15 dəqiqədə də əvvəlcədən hazırladığın yeməyi ye.
- Telefonunda özün üçün həvəsləndirici mesajlı zəngli saatlar qoş. “İdmandan sonra yaxşı hiss edəcəyini bilirsən”, “Bəhanələr kaloriya yandırmır” , “Sən nə yeyirsənsə osan. Bugün göyqurşağı ol” kimi cümlələri istifadə edə bilərsən. Daha çox nümunə üçün İnstagramımıza baxmağı unutma.
- 5 dəqiqə qaydasını öyrən. Özünü tam olaraq yaxşı hiss etmədiyin, çox yorğun olduğun günlərdə 5 dəqiqəlik hərəkət et, böyük ehtimal bu qan dolaşımını sürətləndirəcək, özünü daha yaxşı hiss edib davam edəcəksən.
- Özünə idman yoldaşı tap. Bu səni həm həvəsləndirəcək, həm də idmanda görüşmək sözü verdiyin insanı tək qoymamaq üçün istəmədiyin günlərdə belə getməyinə səbəb yaradacaq.
- Hər gün idman etmək və sağlam qidalanmaq üçün özünə şərait yarat. Artıq bir neçə həftə sonra bu bir məsuliyyət yox sevdiyin bir vərdiş halına gələcək.
- Özünü həvəsləndirmək üçün çata biləcəyin hədəflər qoy qarşına. Hər şənbə günü 4 km qaçmaq, hər gün 50 qarın hərəkəti etmək kimi hədəflər səni idmana daha da bağlı hala gətirəcək.
- Etdiyin hər idmanı təqvimdə qeyd et. Beləcə gəldiyin uzun yolu görüb, əziyyətini itirməmək üçün daha da irəliyə davam edəcəksən.
- Özünü mükafatlandır. Çalış çox vaxt bu mükafat əvvəlcadan hazırladığın zülalla zəngin sağlam qida olsun.
- İdmanını sosyal şəbəkələrdə paylaş. Dostlarının səni dəstəkləməsi səni daha da ruhlandıracaq. Əlin yeməməli olduğun bir şeyə gedəndə “sənə halaldır, kaş da mən də sənin kimi edə bilsəm” rəyi sənə icazə verməyəcək.
- Bir gün, hətta bir neçə gün vərdişini itirsən özünü günahlandırma və ruhdan salma. Hər gün yeni başlanğıcdır və səndə hər şey gözəl alınacaq !