Bu dəfə sağlam insanlar bölməsində gənc bit bloggerdən yazmaq qərarına gəldim. 23 yaşlı Yeganə xanım 2015-ci ilin yaz aylarından başlayaraq sağlam həyat yaşayır. Bu ilin əvvələrində isə Actmood (instagram) blogunu açaraq başqalarında da maraq yaratmağa çalışır. Sağlam həyata baxışı məni daha da ilhamlandırdı. Əminəm ki, sizdə onu tanıdıqca yaşadığı həyat tərzinə həvəsiniz artacaq.
Niyə sağlam həyat yaşamaq qərarı aldınız?
– Türk bir rəfiqəm var idi (Nagihan) (burdan ona salam!). Hər gün işə gəlmədən idman edirdi, işə piyada gəlirdi və bir neçə dəfə evində qalanda səhər mənə meyvə və tərəvəz ( birlikdə) suyu hazırlamışdı. Əvvəlcə belə bir şey içmədiyimin fərqinə varmışdım. Bəzən işə kefsiz gələndə səbəb olaraq bu gün idman etmədiyini deyirdi. Zamanla idman etməyin onu həqiqətən xoşbəxt etdiyinin özüm şahidi oldum. Hər zaman deyirdi ki, uzun yaşamaq və qocalanda belə gözəl qalmaq istəyir. Tanış olmağımızdan cəmi 1-2 ay keçmişdi ki, mən də onun kimi xoşbəxt olmaq istədiyimə qərar verdim.
Sağlam həyat sizin üçün nə deməkdir?
– Sağlam həyat tərzi sizi xoşbəxt edən alışqanlıqlarınızı sizi daha xoşbəxt edəcək alışqanlıqlara dəyişməyinizdir.
Sizcə sağlam həyatın əvəzolunmaz hissəsi nədir?
– Mütləq hər gün yatmaq, yemək və hərəkət etmək. Bunu hamı edir. Lakin yediklərimiz, hərəkət növlərimiz və yatmaq saatlarımız bizi sağlam həyat yaşayanlar və digərləri olaraq 2 hissəyə ayırır.
Hansı idmanla məşğulsunuz?
– Fitneslə məşğul oluram. Və vaxt tapdıqca iceskating. Son aylarda basketbol çox marağımı cəlb edir. Hələ başlamaq imkanım olmayıb 🙂
Sağlam qida dadsızdır deyənlərə verəcəyiniz yemək resepti nə olardı ?
– Brokoli, kabaçka, badımcan, pomidor və toyuğun döş əti və yanında Nagihanın mənim üçün hazırladığı tərəvəz və meyvə suyu ( xiyar və yaşıl alma).
Nə sizi blog açmağa həvəsləndirdi?
– O vaxt Nagihanın instagram hesabından izlədiyi xarici fitness bloggerləri izləmişdim. Hər gün əsas səhifəmə çıxırdı və mənə motivasiya mənbəyi olurdu. Bir gün mən də kiməsə motivasiya mənbəyi ola bilərəm deyə fikirləşəndə bu məni həyəcanlandırmışdı.
Son olaraq Yeganə xanım dedi ki, sağlam yaşayan insanlarla dünya daha gözəldir, gəlin dünyanı gözəlləşdirək.