Skrabın əsas tərkib hissəsi ya şəkər tozudur ya da dəniz duzu. Əsas fərqləri dənəciklərin ölçüsündədir. Şəkər tozu dəniz duzuna nəzərən daha xırda olur. Dəriniz çox həssasdırsa şəkər tərkibli skrablara üstünlük verməlisiniz. Eləcə də, üz skrabı üçün məsləhət olunanı da şəkər tərkiblisidir.
Dəniz duzu tərkibli skrablar, əsasən həssas olmayan dərilərdə istifadə olunur və dərinin qalın olduğu bölgələrdə kömək edir. Bu bölgələr diz, dirsək və dabandır. Bundan əlavə duzun müalicəvi və antiseptik təsiri də var. Duzdan hazırlanan skrab sadəcə ölü dəriləri təmizləmir, həmçinin bakteriyaları yox edir, iltihablanmanın qarşısını alır.
Mənim dərim həssas olmadığından duz tərkibli skraba üstünlük verirəm. Aşağıdakı reseptlərdə duzu şəkərlə əvəz edib də istifadə edə bilərsiniz.
1. Anti-selülit skrab
Tərkibi:
- 1/2 stəkan susam yağı
- 1/2 stəkan dəniz duzu
- 1 xörək qaşığı rəndələnmiş limon/portağal qabığı
- 5-8 damcı limon yağı (istəyə görə)
Duzu tökdüyünüz bankanın içərəsinə əvvəlcə yağı, sonra digər inqrediyentləri əlavə ediniz və qarışdırınız. Skrabınız hazırdır.
Anti-selülit təsiri susam yağından gəlir. Başqa yağla da edib adi skrab əldə edə bilərsiniz.
2. Anti-stres skrab
Tərkibi:
- 1 stəkan dəniz duzu
- 1/2 stəkan kokos yağı
- 2 xörək qaşığı qurudulmuş (varsa təzə) lavanda
- 5-8 damcı lavanda yağı
Əritdiyiniz kokos yağına yavaşca qarışdıraraq duzu əlavə ediniz. Sonra doğradığınız lavandaları və lavanda yağını əlavə ediniz. Skrabınız hazırdır.
3. Türk kofesi ilə skrab
Tərkibi:
- Türk kofesi
- Su
Bu çox sadə olsa da ilk istifadədən xoş təsir bağışlayan bir qarışımdır. İstədiyiniz qədər türk kofesini palçıq kimi olana qədər su ilə qarışdırın. Nəzərdə saxlayın ki, digər skrablardan fərqli olaraq bunu saxlamaq məsləhət görülmür. Hər istifadədən əvvəl təzə hazırlayınız.
Hazırladığınız skrabları #healthieraz hashtagı ilə paylaşmağı unutmayın!