
The Art of People | Dave Kerpen
İnsanların həyat təcrübələrindən çıxardıqları dərsləri oxumağı sevirəm. Bəlkə, mənim həyat təcrübəm heç o dərsləri qarşıma çıxarmayacaq. Ətrafımda olan insanlarla yaxşı münasibət qurmaq vacibdir mənə. Yeni biri ilə tanış olanda qeyri-standart amma maraqlı nə suallar vermək olar, vacib bir görüşdə necə diqqət çəkmək, necə çıxış etmək, necə pis xəbəri yaxşı vermək və s. mövzularda, xüsusi ilə də iş həyatında mənə kömək edəcək kiçik məsləhətlər öyrəndim kitabdan. Həm də, Dave Kerpenin əhvalatları olduqca maraqlı, bəzən isə hətta gülməlidir. Ən çox əməl etdiyim dərs isə, insanalara sənə necə rəftar edilməsini istədiyin kimi yox, onların özlərinə qarşı istədikləri kimi rəftar etmək lazımdır.

The 7 Habits of Highly Effective People | Stephen R. Covey
Bu kitabı işdə bir manager mene vermişdi. Öz kitabı olduğundan tez oxuyub qaytarmaq istədim, və bir həftəyə o qədər informasiyanı beynimə necə yığdım bilmirəm. Sonda isə düşünürdüm ki, axı mən niyə indiyə kimi bu kitabı oxumamışam. Manager həm işdə, həm də evdə bir nüsxəsini saxladığını, və sadəcə iş yox eləcə də gündəlik həyatda kitabdakı prinsipləri izləməyə çalışdığını qeyd etdi. Aldığım qeydləri hələ də tez-tez açıb oxuyub mümkün qədər tədbiq edirəm. Əslində, həm bloga, həm əsas işimə, həm Youtube kanalına, həm şəxsi işimə, bunlardan əlavə şəxsi həyatıma vaxt ayırmağımda, hədəflərimə doğru irəliləməkdə bu kitabın da rolu oldu.

Becoming | Michelle Obama
Michelle Obamanın həyatını oxumaq çox maraqlı gəldi. Kitabı bitirdikdən sonra, Amsterdamda etdiyi çıxaşa da qatılmışdım. Kitabda olan mövzulardan danışsa da, yenə də çox maraqlı idi. Dünyanın harasında olursa olsun, kim olursa olsun qadın olmağın çətinlikləri bənzərdir. Lakin, onun haqqında ən çox sevdiyim iki xüsusiyyəti oldu. İlk öncə, o, Barack Obamanın həyat yoldaşı olmaqdan daha çox, Michele Obama olmağa çalışırdı. Öz işlərini, sosial problemlərə olan həllərini Michelle Obama kimi edirdi. Bundan əlavə, böyük problemlərə təsirli amma kiçik həllər tapmağa çalışırdı. Çünki, dünyanın gözü ondadır, etdiyi hər səhv daha da böyüdüləcəkdi. Odur ki, mümkün qədər məsum görünən dəyişikliklərlə əslində xeyli layihəyə imza atıb. Bunlardan ən vacibi isə uşaqların sağlam qidalanması üçün attığı addımlardır.

Talk Like TED | Carmine Gallo
Tez-tez prezentasiyalar verirsinizsə, auditoriyalar qarşısında çıxış edirsinizsə, bu kitab sizə fikrinizi qarşı tərəfə çatdırmağa kömək edəcək. Hətta, kitabdan öyrəndiyim bəzi məqamları çıxışlarıma əlavə edəndə iş yoldaşlarım işlətdiyim bəzi cümlələri qeyd edib, özlərinə uyğun dəyişdirib öz çıxışlarında işlədəcəklərini də qeyd etdilər. Bundan əlavə, kitab bir çox maraqlı TED çıxışlarını da qeyd etdiyi üçün, yeni baxmadığım çıxışlara baxıb fərqli məlumatlar da əldə edə bildim. Həm də ki, TED çıxışlarına tez-tez baxan biri kimi, kitabı oxuduqdan sonra onları izləməyib dediklərindən əlavə necə dediklərinə fikir verməyə başladım və bu izlədiyim çıxışları daha da maraqlı etdi.

Big Magic | Elizabeth Gilbert
İllərdir ağlımda olan ideanı həyata keçirib, @healthier_you_az -ı yaratmağıma səbəb olan kitab. Qorxularınızın sizi idarə etməsinə icazə verməyin, ən əsası onları sükan arxasında yerləşdirməyin, hətta radioya belə toxunmalarına qoymayın. İdealarınıza, fikirlərinizə sahib çıxın, dəyərləndirin və həyata keçirin. Gördüyünüz işdən asılı olmayaraq daha kreativ, yaradıcı ola bilərsiniz. İçinizdən gələn yaradıcılıq hissini isə gücnən boğmayın, kəşf edin. Bundan əlavə Elizabeth Gilbert öz həyatından və ətrafındakı insanların həyatından çox maraqlı əhvalatlar da paylaşır kitabda. Mənə isə bu cür əhvəlatlar xeyli ilhamlandırıcı təsir bəxş edir. Bunu da özümdə yeni kəşf etmişəm və indi fərqli memoir-lər oxuyuram.

Eat Pray Love | Elizabeth Gilbert
Memoir demişkən, Elizabeth Gilbertin həyatının bir hissəsini paylaşdığı Eat, Pray, Love əsəri də mənim üçün ilham mənbəyi oldu. Hər birimiz xoşbəxtlik axtarışındayıq, amma, onun axtarışları dünyanın çox fərqli yerlərində, fərqli mənbələrdən xoşbəxtlik gətirir. Kinosunu isə 15 dəqiqə izləyib bağladım. Kitabdakı emosiyaların, düşüncələrin çoxu, təbii ki, kinoda yox idi. Bəzən, əslində özümüzə istədiyimizi dediyimiz şeylər, əslində həqiqətən də istədiyimiz şeylər olmur. Həyatda hər zaman yenidən başlamağa, əsl səni tapmağa çoxlu fürsətlər var. Yeniliklərə açıq olan insanların qarşısına isə yeni fürsətlər daim çıxır.

Thinking, Fast and Slow | Daniel Kahneman
Kitabda, Kahneman beynimizin iki üsul ilə işlədiyini, cəld qərarları və yavaş qərarları necə verdiyimizi nümunələrlə izah edir. Niyə qərar verərkən, ümumi biliyimiz statistikanı nəzərə almır, hansı amillərdən qərarımız asılı ola bilər və s. mövzuları maraqlı üsullarla oxuyucuya çatdırılır. Özümüzə güvəni qoruyaraq, qərarları necə həddindən artıq dəyərləndirməməliyik, necə rəqəm və cümlə quruluşunun dəyişməsinin bizə təsir etməməyinə fikir verməliyik kimi mövzular özümə ən çox aid etdiklərim oldu. Məsələn, 90% daha az yağlı və 10% yağlı ifadələri eyni olsa da, marketingdə 90% daha az yağlı işlədilir, və alıcıların qərarına təsir edir. Bundan əlavə ən sevdiyim mövzu, bizim xatirələrimizin necə əslində olan hisslərlə eyni olmadığını izah etməyi idi. Çox gözəl bir tətilin sonunda geçikən təyyarə, su basmış otel otağı xatirəmizdə bütün tətili bədbin saxlayacaq. Eynilə də, çox çətin bir günün sonunda eşidilən xoş bir xəbər bütün günü nikbin xatırlamağa səbəb ola bilər.

The Mind-Gut Connection | Emeran Mayer
Bağırsaqlarımızdakı mikroorqanizmlər beynimizə daim siqnallar göndərir. Bu siqnalllar bizim əhval-ruhhiyəmizə, hər bir mövzuda verdiyimiz qərarlara təsir göstərə bilir. Mədə-bağırsaq problemindən əlavə, depressiya, stress də bu mikroorqanizmlərin əməli ola bilər. Qeyri-sağlam qidalanaraq biz o mikroorqanizmlərin “təbiətinə” zərər vururuq. Odur ki, bu orqanizmalara, bizim fəaliyətimizə zərər verməməkləri üçün, onlara faydalı, dəstəkləyən qidalar ötürməliyik. Ona görə də probiotik qəbuluna başladığım, qatıq, kefir, turşuya qoyulmuş qidaları sevib həftəlik işlətdiyim üçün özümə təşəkkür etdim.
Biz insanlar ovçuluq, balıqçılıq və yığıcılıq ilə məşğul olmuşuq. İndiki yeməyimizi də ona bənzər etməliyik. Odur ki, mümkün qədər təbii meyvə, tərəvəz, göyərtilər və paxlalılar qəbul etməliyik. Ətin əsas zülal mənbəyi olduğunu da unutmayaq. Lakin, müəyyən bir müddət sadəcə bitki mənşəli qidalanmaq da olar. Dəniz məhsullarına isə həftəlik qidalanmamızda xüsusi yer verməliyik. Bu kitabdan sonra bir daha əmin oldum ki, ağız dadıma çox uyğun olan Mediterranean qidalanma mənim üçün ən dügün seçimdir.

21 Lessons for the 21st Century | Yuval Noah Harari
Yuval Noah Hararinin kitablarından ilk oxuduğum bu oldu. Kitabda diqqətimi çəkən 21-ci əsrdə aktual olan bir çox mövzuları əhatə edib yazıçı. Bu mövzular ilə tanış olmayan biri üçün bu kitab yeni, aktual olan mövzularda müxtəlif fikir sahibi olmağa kömək edə bilər. Mənim üçün isə kitab sanki biri ilə fərqli mövzularda müzakirə kimi gəldi. Hər fikirdə yazıçı ilə razı deyildim, və fikirlərimin tam zidd olduğu yerləri durub bir dəftərdə qeyd edib öz fikirlərimi yazırdım altına. Bəzən, öz fikirlərimi dəstəkləmək üçün yeni araşdırmalar edirdim. Nəticədə, yeni şeylər öyrənib həm də fərqli fikirlərlə tanış olamqdır. Mənim üçün isə ən fərqli fikirlərə açıq olub, başqa insanların həyata baxışını başa düşməyə çalışmaq vacibdir. Odur ki, bu kitabı əlinizə alıb açıq fikirlərlə oxumağa başlayın.